Şəhid uşaqlarına bayram hədiyyəsi verildi
Şəhid ailələrinə diqqət və qayğı hamımızın borcudur. Onları həmişə, xüsusən də bayram günlərində yada salmaq, üzləşdikləri problemləri həll etmək, şəhidlərin yadigarları olan uşaqları sevindirmək ən böyük savabdır.
Mingəçevir Bələdiyyəsinin həmin uşaqların əylənməsi üçün təşkil etdiyi Yeni il şənliyi də məhz bu məqsədə xidmət edir.
Şənlik bələdiyyədə bəzənmiş şam ağacının ətrafında Şaxta baba və Qar qızın iştirakı ilə keçirildi. Bələdiyyənin sədri Ramiz Əliyev Vətən müharibəsində şəhid olanların xatirəsinin daim uca tutulduğunu bildirdi və dedi ki, onların övladları bizə əmanətdir.
Şənlik boyu Şaxta baba və Qar qız şəhid balalarına bayram hədiyyələri payladılar.
Şəhid ailələri uşaqlar üçün təşkil olunmuş tədbirə görə bələdiyyəyə təşəkkürlərini bildirdilər.