Mingəçevir bələdiyyəsi 12 dekabr 1999-cu ildə seçki yolu ilə yaradılıb. Mingəçevir bələdiyyəsinin ilk sədri Cavanşir Yusubov (1999-2014), ikinci sədri Coşqun Abdullayev (2014-2019) olub. Hal-hazırda bələdiyyənin sədri Ramiz Əliyevdir.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərir. Həmçinin Mingəçevir bələdiyyəsi fəaliyyətində bələdiyyələr haqqında qəbul olunmuş Qanunları, Azərbaycan Respublikasının Konstitusiyasını, öz Nizamnaməsindən irəli gələn vəzifələri, sərəncam və fərmanları, tövsiyə və təlimatları əsas tutaraq, işini seçicilərin arzu və istəklərinə müvafiq müəyyənləşdirərək, bələdiyyə iclaslarının qərarlarına uyğun qurur və həyata keçirir. Bələdiyyə iclasında formalaşdırdığı daimi və başqa komissiyaların yerli sosial, iqtisadi inkişaf, ekoloji və s. sahələrdə tərtib etdiyi layihə və proqramları müzakirə edir və yerli əhəmiyyətli problemlərin həllinə çalışır.
Şəhərin az təminatlı ailələrinə sosial yardımlar da bələdiyyənin prioritet məsələlərindəndir. Qurban bayramında şəhid ailələrinə, qazilərə, kimsəsiz və imkansız ailələrinə qurban payları, digər bayramlarda pul və ərzaq yardımları verilir. Əlamətdar günlərdə bələdiyyə tərəfindən ümumşəhər miqyasında müxtəlif tədbirlər keçirilir.
Bələdiyyə mülkiyyətində olan Sahil və S.Vurğun parklarında mütəmadi olaraq təmizlik və abadlıq işləri görür. Mingəçevir bələdiyyəsi hər il “Abad məhəllə” layihəsi çərçivəsində bir neçə məhəllədə abadlıq-quruculuq işlərini həyata keçirir.
Bələdiyyə ildə iki dəfə (6 aylıq və illik) seçicilərinə fəaliyyəti barədə hesabat verir.