“Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar keçirilib
Dekabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar keçirilib. Tədbirdə DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir Bələdiyyəsinin şöbə müdiri, Gender məsələləri üzrə məsul şəxs Zahid Qasımlı, Mingəçevir Şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru, Mingəçevir Bələdiyyəsinin Gender məsələlər komissiyasının sədri Ədalət Quliyeva, Mingəçevir ŞİH yanında İctimai Şuranın Gender komissiyasının sədri Yeganə Nəbiyeva, Uşaq və Ailələrə Dəstək Mərkəzinin eksperti Dilşad İlyasova, Ömrün üçüncü baharı “Yaşa” Fondunun sədri Rizvan Mikayıllı, Uzun müddət təhsil sahəsində rəhbər vəzifələrdə işləmiş şəhər sakini Validə Əlizadə, eləcə də şəhər ümumtəhsil orta məktəblərinin təlim-tərbiyə üzrə direktor müavinləri, bələdiyyə işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zahid Qasımlı hər il 25 noyabr Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü kimi qeyd edildiyini, buna uyğun olaraq BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hər il ənənəvi “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası həyata keçirdiyini bildirib.
Tədbirdə “Gender əsaslı zorakılığın yaranma səbəbləri və onunla mübarizə” (Ədalət Quliyeva), “Məişət zorakılığı ilə mübarizəyə dair qanunvericilik” (Əlisa Fərəcov), “Ailədaxili mübahisələrin həlli yolları” (Dilşad İlyasova), “Gender bərabərliyinin təşviqində media və QHT-lərin rolu” (Yeganə Nəbiyeva) barədə çıxışlar olub.
Tədbirdə çıxış edən digər natiqlər mövzunun əhəmiyyətindən bəhs ediblər. Qeyd edilib ki, bütün dünyada qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlamaqdadır. Erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün müəyyən iş görülürsə də, problemlər qalmaqda davam edir. Həmçinin bildirilib ki, gender bərabərliyi özü-özlüyündə təkcə mədəni və mənəvi hadisə deyil, həm də yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli idarəçiliyin qurulması üçün zəruri olan şərtlərdəndir.Qeyd olunub ki, bu problemlərin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir və bu sahədə maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində ən mühüm prioritetlərdən biri olduğu vurğulanıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə qadınların sosial həyatın bütün sahələrində aktiv iştirakı üçün mühüm işlər görüldüyü bildirilib.
Tədbir diskussiya şəkilində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.