Avropa İttifaqı BMT İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinin bələdiyyələrində inklüziv iqtisadi artımı və innovasiyaları təşviq edir. 2021-ci ildə “İqtisadi inkişafı dəstəkləyən Bələdiyyə Sədrləri” təşəbbüsünün yeni mərhələsinə start verilmişdir. Layihə çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində yerli hakimiyyət orqanlarına ədalətli və yaşıl inkişaf istiqamətində köməklik göstəriləcəkdir.
Həmin layihədə iştirak edən və müsabiqənin qaliblərindən biri olan Mingəçevir Bələdiyyəsi təqdim etdiyi layihənin icrasına başlamaq ərəfəsindədir. Layihənin icrasına kömək məqsədi ilə BMT İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyindən Mingəçevir Bələdiyyəsinə komputer və texniki avadanlıqlar hədiyyə edilmişdir. Hədiyyəni layihə rəhbəri Cavid Məmmədov təqdim etmişdir. Bələdiyyənin sədri Ramiz Əliyev hədiyyəyə görə təşəkkürünü bildirmiş və layihəni uğurla başa vuracaqlarını demişdir.