Əsgər anası: ”Bu dəstəyinizdən çox qürurlandım”
Məlum olduğu kimi, sentyabrın 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycan ilə dövlət sərhədi boyunca genişmiqyaslı hərbi təxribat törədərək müxtəlif istiqamətlərdə ordumuzun mövqeləri və təlimat yolları arasında minalar düzüb, Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində yerləşən obyektləri intensiv atəşə tutublar. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun bu təxribatına müvafiq cavab verib. Bu döyüşlərdə yaralanan əsgərlərimizdən biri də mingəçevirli “Canavar” ləqəbli Hacıyev Ruzi Dəyanət oğludur. Ruzinin ailəsini Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev, bələdiyyənin üzv və qulluqçuları, şəhid anası İranə Həsənova , şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev, bələdiyyə yanında İctimai Şuranın sədri Əliqismət Kərimov ziyarət ediblər. Ziyarətçilər ailənin qayğıları ilə maraqlanıb, xanıma oğlunun tez sağalmasını arzulayıblar. Bələdiyyə sədri bildirib ki, sizin övladlarınız qalib ordumuzun layiqli hərbçiləridir: ”Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun uğurları, zəfər yürüşləri düşməni yerində oturdub, nəyə qadir olduğumuzu bütün dünyaya nümayiş etdirib. Əsgər və zabitlərimizin şücaəti, xalqla birgə fəaliyyəti ürəkaçandır. Biz ordumuzla fəxr edir, qürur duyuruq. Sizi ziyarət etməyimizdə məqsədimiz tək iki övlad böyütmüş bir ana kimi dəstəyimizi göstərməkdir”.
Bu gəlişdən məmnun olan əsgər anası çox qürurlandığını və bu dəstəyə görə dövlət başçımıza, yerli şəhər rəhbərliyinə öz minnətdarlığını ifadə edib.
Ziyarət olunan ailəyə ərzaq sovqatı da təqdim olunub.