21 İyul 2026
Paylaş:

İyulun 22-də Mingəçevir bələdiyyəsində Milli Mətbuat günü münasibəti ilə tədbir keçirildi


Tədbirdə şəhərdə fəaliyyət göstərən media nümayəndələri, Mingəçevir Bələdiyyəsinin üzvləri və qulluqçuları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov media nümayəndələrini salamlayaraq, Azərbaycan milli mətbuatının banisi Həsənbəy Zərdabi tərəfindən əsası qoyulan "Əkinçi" qəzetinin milli mətbuat tariximizdəki əhəmiyyətindən və Azərbaycan mətbuatının keçdiyi inkişaf yolundan bəhs etmişdir.
Daha sonra sədr Mingəçevir Bələdiyyəsi tərəfindən həyata keçirilən layihələr, eləcə də icrası nəzərdə tutulan sosial, ekoloji və yerli iqtisadi inkişaf proqramları barədə ətraflı məlumat vermişdir. O, kütləvi informasiya vasitələrinin nümayəndələrinə bələdiyyənin fəaliyyətini operativ, obyektiv və şəffaf şəkildə ictimaiyyətə çatdırdıqlarına görə təşəkkürünü bildirmişdir.
Çay süfrəsi ətrafında davam edən səmimi görüş zamanı jurnalistlərdən Fərman Nəbiyev, İnqilab Şirinli, İxtiyar Həsənli, Mirsədi Daşdəmirov, Yusif Ələkbərov və Yeganə Nəbiyeva tədbirlə bağlı təəssüratlarını bölüşmüş, göstərilən diqqət və qonaqpərvərliyə görə minnətdarlıqlarını ifadə etmişlər.
Tədbirin sonunda Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə Mingəçevir Bələdiyyəsi tərəfindən Təşəkkürnamələr və xatirə hədiyyələri təqdim olunmuşdur.
Vətəndaş müraciəti