14 İyul 2026
Paylaş:

“Heydər Əliyev müasir və güclü Azərbaycanın memarıdır” mövzusunda dəyirmi masa keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 14 iyul 1969-cu il Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi və  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilməsiylə bağlı Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı və Mingəçevir Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev müasir və güclü Azərbaycanın memarıdır” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra tədbir dəyirmi masa formatında davam edib. İştirakçılar Ümummilli Liderin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər.
Tədbirdə Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov çıxış edərək bildirib ki, Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik siyasəti Azərbaycanın inkişafının möhkəm təməlini təşkil edir. O qeyd edib ki, bu siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və ölkəmiz bütün sahələrdə mühüm nailiyyətlər əldə edir.
Daha sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxış edərək Heydər Əliyevin dövlət quruculuğu, milli həmrəyliyin möhkəmləndirilməsi və müstəqil Azərbaycanın inkişafı istiqamətindəki tarixi xidmətlərindən danışıb, onun zəngin siyasi irsinin bu gün də ölkənin inkişafına töhfə verdiyini vurğulayıb.
Sonda Mingəçevir Bələdiyyəsinin qulluqçusu Zahid Qasımlı mövzu ilə bağlı fikirlərini bölüşərək bildirib ki, Heydər Əliyevin ideyaları gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda formalaşmasında mühüm rol oynayır. Tədbir iştirakçıları mövzu ətrafında geniş fikir mübadiləsi aparıblar.
Vətəndaş müraciəti