26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib
25 iyun tarixində Azərbaycan Ordusunun yaranmasının 108-ci ildönümü münasibətilə Mingəçevir Bələdiyyəsi və YAP Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər.
Tədbirdə Azərbaycan Ordusunun keçdiyi şərəfli döyüş yolunu, ordu quruculuğu sahəsində əldə olunan uğurları və tarixi Zəfərimizi əks etdirən film nümayiş olunub.
Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov çıxışında bildirib ki, bu gün Azərbaycan Ordusu yalnız ölkəmizin təhlükəsizliyinin təminatçısı deyil, həm də xalqımızın qürur mənbəyidir. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və bunun nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında layiqli yer tutur.
Daha sonra YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Rauf Qafarov, bələdiyyə üzvü Cavid Xəlilov və bələdiyyə qulluqçusu Nərgiz Süleymanova mövzu ətrafında çıxış edərək Azərbaycan Ordusunun dövlətçiliyimizin möhkəmləndirilməsində, milli birliyin qorunmasında və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rolundan bəhs ediblər. Çıxışlardan sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçıları tərəfindən Azərbaycan Ordusunun uğurları və tarixi Zəfərin əhəmiyyəti barədə fikirlər səsləndirilib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.