Mingəçevir Bələdiyyəsi ilə Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələrinin inkişafına yönəlmiş Əməkdaşlıq Memorandumu imzalanıb
Memorandum Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov və Mingəçevir Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova tərəfindən imzalanaraq tərəflər arasında yeni əməkdaşlıq mərhələsinin əsasını qoyub.
Sənəd yerli idarəetmə ilə ali təhsil müəssisəsi arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsini, gənclərin peşəkar inkişafına dəstəyin gücləndirilməsini, eləcə də şəhərin sosial-iqtisadi inkişafına töhfə verəcək birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində tələbələrin bələdiyyədə təcrübə keçməsi, birgə elmi araşdırmaların aparılması, sosial və ictimai layihələrin reallaşdırılması, könüllülük fəaliyyətinin təşviqi, rəqəmsallaşma və innovativ təşəbbüslərin dəstəklənməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.
Mingəçevir Bələdiyyəsi gənclərin potensialının inkişafına, elmi yanaşmaların yerli idarəetmədə tətbiqinə və şəhərin davamlı inkişafına xidmət edən bu əməkdaşlığın uğurlu nəticələr verəcəyinə inanır.