26 Fevral 2026
Paylaş:

“Tarixdən silinməyən həqiqət – Xocalı soyqırımı” mövzusunda anım tədbiri keçirildi

25.02.2026-cı ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsi və Mingəçevir Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Tarixdən silinməyən həqiqət - Xocalı soyqırımı” mövzusunda tədbir keçirilib. Tədbirdə Bələdiyyə sədri Anar İsmayılov, DQİDK-nin Mərkəzi Aran regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, bələdiyyə üzvləri və qulluqçuları, Mingəçevirdə məskunlaşmış Xocalı sakinləri, din xadimləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Tədbiri giriş sözü ilə açan bələdiyyə sədri Anar İsmayılov Xocalı faciəsinin  tariximizin ən ağır və unudulmayan səhifəsi, illər ötsə də, ilk günkü qədər qəlbimizi yandıran faciə olduğunu bildirib. 
Tədbirdə çıxış edən DQİDK-nin Mərkəzi Aran regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, bələdiyyə sədrinin müavini Ədalət Quliyeva, bələdiyyənin şöbə müdiri Zahid Qasımlı, Xocalı sakinləri Zahir Usubov, Şahmalı Quliyev və Mahirə İsmayılova Xocalı faciəsinin amansızlığına, qəddarlığına, vəhşiliyinə görə bəşər tarixinə  və xalqımızın yaddaşına qanlı iz saldığını, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş  qətliam olduğu barədə tədbir iştirakçılarına geniş məlumat veriblər. Natiqlər, həmçinin erməni təcavüzkarlarının Xocalıda törətdiyi vəhşilikləri, dinc insanların qətlə yetirilməsini, bu qanlı hadisəyə ilk hüquqi-siyasi qiymətin məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, Ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad olunub və həmin ərazilərimizə, o cümlədən Xocalıya həyat yenidən qayıtdığını qeyd ediblər. Tədbirdə iştirak edən Xocalı sakinləri, o qanlı hadisələrin canlı şahidləri faciə barədə öz ürəkağrıdıcı xatirələrini danışmışlar.
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş kitab sərgisi nümayiş olunub.
Vətəndaş müraciəti