Mingəçevirdə “Sağlam gələcək naminə narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirildi
Bu gün Mingəçevir Bələdiyyəsinin və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının tədbirlər planına uyğun olaraq “Sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda geniş maarifləndirici tədbir keçirildi.
Tədbir ilk olaraq Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri tərəfindən hazırlanan mövzuya aid əl işlərindən ibarət sərgiyə baxış keçirilməsi ilə başladı.
Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdi.
Açılışı Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov etdi. Sədr, çıxışında gənclərin sağlam düşüncəli, zərərli vərdişlərdən uzaq yetişməsinin cəmiyyətin hər bir üzvünün əsas məsuliyyəti olduğunu vurğulayaraq, maarifləndirmə işlərinin davamlı və sistemli şəkildə aparılmasının vacibliyini vurğuladı.
Daha sonra mövzuya dair videoçarx nümayiş olundu.
Tədbirdə Eldar Mustafayev Mingəçevir şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu, Şəmsinur Hüseynova Mingəçevir şəhər rayonlararası Ruhi Əsəb Xəstəlikləri Dispanserinin baş həkimi, Nicat Mustafayev Mingəçevir şəhər Polis Şöbəsinin azyaşlılarla iş üzrə baş inspektoru, Mahnur Ömərova Mingəçevir Bələdiyyəsinin üzvü, Elşən Əliyev Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının katibi və Fuad Məmmədov Mingəçevir şəhər Mərkəzi Xəstəxana PHŞ-in direktor müavini mövzu ilə əlaqədar çıxış edərək narkomaniyanın fəsadları, psixoloji və tibbi təsirləri, hüquqi məsuliyyət və gənclərin maarifləndirilməsinin vacibliyi barədə fikirlərini bildiriblər.
Tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, şəhər üzrə təhsil müəssisələrinin müəllim və tələbələri, eləcə də şəhərin müxtəlif müəssisə və təşkilatlarından gələn iştirakçılar və media nümayəndələri iştirak ediblər.
Sonda iştirakçılar mövzu ilə bağlı suallar səsləndirib, mütəxəssislərlə geniş müzakirələr aparıblar.