31 Oktyabr 2025
Paylaş:

Mingəçevirdə “Bələdiyyə Kuboku” mini-futbol turniri başa çatdı

Bu gün Mingəçevir şəhər stadionunda “Şəhər günü” münasibətilə təşkil olunan “Bələdiyyə Kuboku” uğrunda mini-futbol yarışına yekun vuruldu.

İki gün davam edən turnir zamanı Uşaq-Gənclər İdman Məktəbinin nəzdində fəaliyyət göstərən komandalar arasında gərgin və maraqlı oyunlar keçirilib. Yarışın bağlanış mərasimində Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Dövlət Turizm Agentliyinin Mingəçevir Regional Turizm İdarəsinin rəisi Tural Kərimov və şəhid Atik İbrahimovun atası Ariz İbrahimov çıxış ediblər. Çıxışlarda iştirakçılara uğurlar arzulayıb, gənclərin sağlam həyat tərzinə sadiqliyinin, idmana marağın və bu kimi tədbirlərin şəhərin ictimai həyatındakı əhəmiyyətinin vurğulandığı bildirilib.

Yarışın nəticəsinə əsasən, birinci yer “UGİM-1”, ikinci yer “Şəhid Atik-1”, üçüncü yer isə “Ulduzlar-2” komandası tutub. Bununla yanaşı, fərqlənən oyunçular da xüsusi nominasiyalar üzrə təltif olunublar. “Ən yaxşı hücumçu” Elmir Xəlilzadə, “Ən məhsuldar oyunçu” isə Nihad Dadaşov elan olunub.

Qalib komandalar və fərqlənən oyunçular Mingəçevir Bələdiyyəsi tərəfindən “Bələdiyyə Kuboku” , medal, diplom və simvolik idman hədiyyələri ilə təltif olunublar.

Turnirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması və Mingəçevirdə futbolun inkişafına dəstək vermək olub.
Vətəndaş müraciəti