03 Oktyabr 2025
Paylaş:

Mingəçevir Dövlət Universitetində 27 Sentyabr – Anım Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib

2025-ci ilin 26 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində Anım Gününə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib. Universitetin akt zalında keçirilən tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, şəhid ailələri, MDU-nun akademik-inzibati heyəti, tələbə və magistrantlar iştirak ediblər.
Öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq onun əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Vətən müharibəsində əldə edilən Zəfərin 5 illiyi münasibətilə MDU-nun şəhidlik zirvəsinə yüksəlmiş 6 məzununa həsr edilmiş filmin qısa təqdimatı keçirilib.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirdə açılış nitqi ilə çıxış edərək Azərbaycanın torpaqlarının işğaldan azad olunması ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini diqqətə çatdırıb. İcra başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi xətti və Prezident İlham Əliyevin qətiyyətli liderliyi nəticəsində Azərbaycan Ordusu 44 gün ərzində parlaq qələbə qazanaraq düşməni məğlub edib. 
MDU-nun rektoru Anar Emimov çıxış   MDU-nun da bu müharibədə şəhidlər verdiyini xatırladaraq bildirib ki, 6 igid məzunumuz döyüş meydanında şəhidlik zirvəsinə ucalıblar. O, onların adlarının daim yaşadılacağını və qəhrəmanlıqlarının gənc nəslə örnək kimi çatdırılacağını deyib.
Tədbirdə şəhid məzun Kənan Abdullayevin anası Azadə Abdullayeva çıxış edərək övladının qəhrəmanlığı ilə qürur duyduğunu bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinin daim uca tutulacağını vurğuladı.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.
Bədii hissədə MDU-nun müəllim və tələbələrinin ifasında vətənpərvərlik ruhunda şeirlər, musiqilər səsləndirilib və “Əsgərə məktub” adlı səhnəcik canlandırılıb.
Tədbirdən sonra universitetin həyətində 6 şəhid məzunun xatirəsinə həsr edilmiş ağaclar əkilib.
Vətəndaş müraciəti