14 ildən sonra Mingəçevirə qatar gəldi
Mingəçevir şəhəri uzun illərdən sonra yenidən qatar səsinin həyəcanını yaşadı. Bir vaxtlar şəhər sakinləri Bakı və ölkənin müxtəlif bölgələrinə məhz dəmir yolu ilə səyahət edirdilər. Mingəçevirdə fəaliyyət göstərən vağzal həm gündəlik gediş-gəliş, həm də şəhərin sosial-iqtisadi həyatında mühüm rol oynayırdı. Lakin müəyyən səbəblərdən bu marşrutlar dayandırıldı və 14 il ərzində şəhərin dəmir yolu xətləri susqunluğa qərq oldu.
Nəhayət, uzun fasilədən sonra mingəçevirlilərin sevincinə səbəb olan tarixi bir hadisə baş verdi. Sentyabrın 26-dan etibarən Mingəçevir–Ağstafa dəmir yolu marşrutu fəaliyyətə başladı. Bununla da şəhər sakinlərinin illərlə gözlədiyi ümid gerçəyə çevrildi.
Yeni marşrutun açılışı münasibətilə Mingəçevir dəmir yolu vağzalında rəsmi tədbir keçirildi. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək şəhər əhalisini təbrik etdi, bu layihənin bölgənin inkişafına verəcəyi töhfələrdən danışdı. Bələdiyyə sədri Anar İsmayılov, millət vəkilləri və digər rəsmi şəxslər də mərasimdə iştirak edərək öz təbriklərini çatdırdılar.
Qatar marşrutunun bərpası yalnız gediş-gəliş imkanlarını genişləndirmir, həm də Mingəçevirin turizm, ticarət və iqtisadi həyatına yeni nəfəs gətirir. Artıq mingəçevirlilər və qonşu rayon sakinləri daha rahat, təhlükəsiz və sərfəli şəkildə səyahət edə biləcəklər.
Şəhər ictimaiyyəti bu hadisəni böyük sevinc və minnətdarlıqla qarşılayır. Hər kəsin dilində isə eyni söz səslənir:
“Xeyirli, uğurlu olsun!”