17 Sentyabr 2025
Paylaş:

Mingəçevir bələdiyyəsində 27 Sentyabr – Anım Gününə həsr olunmuş Dəyirmi masa keçirildi

27 Sentyabr – Anım Gününün 5-ci ildönümü ilə əlaqədar Mingəçevir bələdiyyəsində “Unutmayaq, unutdurmayaq” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbir şəhidlərin əziz xatirəsinin anılması ilə başlayıb, onların ruhuna ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükut elan edilib.
  Dəyirmi masanı giriş sözü ilə bələdiyyə sədri Anar İsmayılov açaraq Qarabağ uğrunda canlarını fəda edən igid Vətən oğullarının xalqımızın yaddaşında daim yaşayacağını vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsinin şanlı qələbə ilə nəticələndiyini, bununla yanaşı, 2023-cü ilin sentyabrında həyata keçirilən 23 saatlıq antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam təmin olunduğunu qeyd edib.
   Şəhid anası, bələdiyyə qulluqçusu İranə Həsənova çıxış edərək övladlarının qəhrəmanlığından qürur duyduğunu, dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğının hər zaman hiss olunduğunu bildirib. Daha sonra bələdiyyənin sədr müavini Ədalət Quliyeva və bələdiyyənin şöbə müdiri Zahid Qasımlı mövzu ilə bağlı çıxış edərək şəhidlərin fədakarlığının gələcək nəsillərə örnək olduğunu vurğulayıblar.
   Çıxışlardan sonra müzakirələr aparılıb, iştirakçılar şəhidlərin xatirəsinin daim uca tutulmasının və Vətən müharibəsinin tarixi əhəmiyyətinin gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıblar.
   Sonda bildirilib ki, Anım Günü ilə bağlı Mingəçevir bələdiyyəsinin təşkilatçılığı ilə müxtəlif silsilə tədbirlər 27 sentyabr tarixədək davam etdiriləcək.
Vətəndaş müraciəti