Mingəçevir Bələdiyyəsi ictimai təşəbbüsə start verdi!
Yeni tərkibdə fəaliyyətə başlayan Mingəçevir Bələdiyyəsi olaraq ilk genişmiqyaslı ictimai təşəbbüsümüzə start verdik. Şəhərimizin 20 Yanvar küçəsində uzun müddət baxımsız qalan həyətyanı sahədə abadlaşdırma və təmir-bərpa işlərinə başlamışıq.
Bu ərazi sakinlərin birbaşa müraciəti əsasında seçilib. Bu təşəbbüs, eyni zamanda bələdiyyənin yerli icmalarla daha sıx əməkdaşlığa önəm verdiyinin bariz nümunəsidir.
Hazırda ərazidə:
• Park sahəsi yenidən qurulur,
• Oturacaqlar və söhbətgahlar rənglənir,
• Uşaq və böyüklər üçün istirahət zonaları müasir formada təşkil olunur,
• Təhlükə yaradan quru və qırıq ağaclar Yaşıllaşdırma İdarəsinin əməkdaşları tərəfindən budanaraq əraziyə uyğunlaşdırılır.
Bu layihənin həyata keçirilməsində Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi xüsusi önəm daşıyır. İcra başçısı İlham İsmayılovun diqqət və dəstəyi sayəsində işlər şəhərimizin inkişaf strategiyasına uyğun şəkildə icra olunur.
Növbəti mərhələdə Nəriman Nərimanov küçəsindəki digər baxımsız ərazilərin də park və istirahət zonalarına çevrilməsi planlaşdırılır.
Məqsədimiz yalnız mövcud problemləri həll etmək deyil, şəhərin gələcəyini planlı şəkildə qurmaqdır.
Mingəçevir Bələdiyyəsi olaraq şəffaf, aktiv və sakinlərlə qarşılıqlı əməkdaşlığa əsaslanan fəaliyyət modelini əsas götürürük. Bu ilk layihə bizim üçün həm simvolik başlanğıcdır, həm də real nəticələrə aparacaq davamlı bir yolun başlanğıcıdır.
Sakinlərimizi daim dinləməyə və təklifləri nəzərə almağa hazırıq. Mingəçeviri birlikdə daha gözəl və abad bir şəhərə çevirmək üçün sizin dəstəyiniz bizim üçün çox önəmlidir!