Mingəçevirdə qazilərlə səmimi görüş keçirildi
26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində Mingəçevir Bələdiyyəsində Vətənimizin igid müdafiəçiləri – qazilərlə səmimi və mənalı görüş təşkil olundu.
Görüş Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Bələdiyyə sədri Anar İsmayılov iştirakçıları təbrik edərək vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və qalib Azərbaycan Ordusuna çevrilmişdir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin əsasında məhz şəhid və qazilərimizin misilsiz qəhrəmanlığı dayanır.
“Biz sizinlə fəxr edirik! Mingəçevir Bələdiyyəsi hər zaman qazilərimizin yanında olacaq”, – deyə bələdiyyə sədri bildirib.
Görüşdə qazilər və veteran təşkilatlarının nümayəndələri – Əlağa Bəndalıyev, Əbülfət Babayev və Namiq İbrahimli çıxış edərək göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildirmiş, müxtəlif təkliflərini bölüşmüş və bələdiyyə ilə əməkdaşlığa daim açıq olduqlarını vurğulamışlar.
Tədbirdə həmçinin bələdiyyə sədr müavini Ədalət Quliyeva və Mingəçevir Ağsaqqallar Şurasının sədri Mustafa Muradov qazilərimizin xidmətlərini yüksək dəyərləndirərək onlara cansağlığı və rifah arzulamışlar.
Görüş çay süfrəsi ətrafında davam etdirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.