Mingəçevirdə turizmin inkişafı istiqamətində mühüm addım atıldı
Mingəçevir şəhəri təbii gözəlliyi, yaşıllığı və təmizliyi ilə turizm mərkəzi olmağa tam layiqdir. Şəhəri iki hissəyə bölən Kür çayı, onun ətrafındakı park və Mingəçevir dənizi adlandırılan su anbarı şəhərə xüsusi gözəllik və cazibə bəxş edir. Vaxtilə beynəlxalq turizm marşrutunun əsas dayanacaqlarından biri olan Mingəçevirin əvvəlki şöhrətini qaytarmaq üçün müasir tələblərə cavab verən infrastrukturun yaradılması vacibdir.
Bu məqsədlə Mingəçevir bələdiyyəsində təşkil olunmuş görüşdə bələdiyyə sədri Anar İsmayılov və Mingəçevir Regional Turizm İdarəsinin rəisi Tural Kərimov çıxış edərək şəhərin turizm potensialı və gələcək inkişaf istiqamətləri barədə danışıblar. Görüşdə həmçinin turizmin inkişafı ilə bağlı müxtəlif təklif və layihələr səsləndirilib, bələdiyyələrin bu sahədə rolunun xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Tədbirin sonunda Mingəçevir bələdiyyəsi ilə Mingəçevir Regional Turizm İdarəsi arasında birgə fəaliyyətə dair Anlaşma Memorandumu imzalanıb. Bu memorandum şəhərin turizm imkanlarının reallaşdırılması və davamlı inkişafı üçün yeni bir addım kimi qiymətləndirilir.