Mingəçevirdə Qurban bayramı təntənəli şəkildə qeyd edildi
İyun ayının 6-da Qurban bayramı münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Mingəçevir Bələdiyyəsinin dəstəyi ilə genişmiqyaslı tədbir keçirildi.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək şəhər sakinlərini və bütün Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi.
Bayram duası oxunaraq şəhidlərimizə rəhmət, xalqımıza isə əmin-amanlıq arzulandı.
Bayram münasibətilə tədbir çərçivəsində sosial dəstək aksiyası da həyata keçirildi. Şəhər ərazisində 500 nəfəri əhatə edən şəhid ailələrinə, Qarabağ müharibəsi iştirakçısı olan əlillərə, eləcə də aztəminatlı ailələrə qurban payları çatdırıldı. Qurban ətləri könüllülər tərəfindən ünvanlara təqdim olunaraq ehtiyacı olan ailələrə diqqət və qayğı göstərildi.
Bu gözəl ənənənin davam etdirilməsi və ehtiyacı olanlara qayğının göstərilməsi cəmiyyətimizdə həmrəylik və insani dəyərlərin daim yaşadığını bir daha sübut edir.