Mingəçevir Bələdiyyəsinin Sədri Səyyari Görüş Keçirdi
Mayın 2-də Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, şəhərin A. Məmmədov küçəsindəki 6/1 və 6/2 saylı binaların sakinləri ilə səyyari görüş keçirdi. Görüşdə bələdiyyə sədri, yerli özünüidarədə vətəndaşların iştirakının vacibliyini, bunun üçün məhəllə komitələrinin yaradılmasının əhəmiyyətini, həmçinin əhali tərəfindən əmlak vergisinin ödənilməsinin zəruriliyini vurğuladı. O, bələdiyyənin ilin sonuna qədər məhəllə və parklarda həyata keçirəcəyi işlər və tədbirlər planı haqqında geniş məlumat verdi.
Sakinlərdən Vidadi Atayev, Tariyel Hidayətov, Fazil Rüstəmov və Mikayıl Məmmdov, bələdiyyə sədrinin sakinlərlə görüşə gəldiyinə görə ona təşəkkürlərini bildirdilər. Eyni zamanda, məhəllə komitəsi yaradılması ilə bağlı razılığa gəldilər.
Açıq səsvermə yolu ilə məhəllə komitəsi təsis olundu və 7 nəfər sakin komitənin tərkibinə seçildi. Vidadi Atayev, məhəllə komitəsinin sədri seçildi.
Məhəllə komitəsinin sədri, əmlak vergisinin yığılmasında fəallıq göstərəcəyini qeyd etdi və bələdiyyədən xeyir-şər mağarasının dam örtüyünün dəyişdirilməsi məsələsində yardımçı olmağı xahiş etdi.
Sonda, bələdiyyə sədri Anar İsmayılov, sakinlərin müraciətlərinə həssaslıqla yanaşılacağını və belə görüşlərin mütəmadi olaraq davam edəcəyini bildirdi.