14 İyun 2023
Paylaş:

Mingəçevir bələdiyyəsi yeni istirahət məkanını istifadəyə verdi

                    
15 iyun Milli Qurtuluş günü ərəfəsində Mingəçevir bələdiyyəsi yeni istirahət məkanını istifadəyə verdi. Ş.İ.Xətai küçəsində, 14 nömrəli orta məktəbin qarşısında  boş və yararsız sahə olan ərazidə yaradılan istirahət məkanı sakinlərin müraciətlərinə uyğun olaraq Mingəçevir Bələdiyyəsinin maliyyəsi ilə yaradılıb. 1 hektara yaxın ərazidə quruculuq işlərinə may ayının əvvəlindən başlanıb. Burada 2 söhbətgah guşəsi yaradılıb,   işıqlanma sistemi çəkilib, 9 ədəd oturacaq və 8 işıq dirəyi qoyulub. 650 kvadratmetr sahəyə plitələr (mikrodaş tavalar) döşənib, 520 poqometr bordürlər düzülüb. Ərazidəki yaşıllıq zolaqlarına qazonlar səpilib, 150-yə yaxın ağac  tingləri və gül  kolları, o cümlədən 8 dekorativ ağac əkilib. 
Yeni istirahət məkanının açılış mərasiminə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev və bələdiyyə üzvləri, ərazidə yaşayan sakinlər, şəhər ictimaiyyətinin nümayəndələri, ictimai təşkilatların təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər. Tədbiri açan Mingəçevir şəhər İcra Hakimiyyətinin  başçısı İlham İsmayılov 15 iyun Milli Qurtuluş günü münasibəti ilə təbriklərini çatdıraraq şəhərimizdə həyata keçirilən abadlıq- quruculuq işlərindən bəhs etdi. Qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən mütəmadi olaraq sakinlərlə keçirdiyimiz görüşlərdə sakinlərin qaldırdığı   problemləri, arzu və istəklərini həll   etməyə çalışırıq. Bu istirahət məkanı da sizlərin istəyinə uyğun olaraq  yaradılıb. Biz bundan sonra da şəhərimizin inkişafı və gözəlləşməsi üçün bütün imkanlardan istifadə edəcəyik. 
Tədbirdə çıxış edən sakinlər minnətdarlıqlarını ifadə etdilər.
Vətəndaş müraciəti