Sənədlər



MİNGƏÇEVİR BƏLƏDİYYƏSİNİN 

2020-Cİ İLDƏKİ FƏALİYYƏTİ BARƏDƏ HESABATI

GİRİŞ


2020-ci il dünyanı cənginə almış, hələ də davam edən pandemiya (COVİD-19) ilə mübarizə ili oldu. Bütün dövlət strukturlarının, o cümlədən bələdiyyələrin fəaliyyətində məhdudiyyətlər tətbiq edildi. Bu da sözsüz ki, nəzərdə tutulmuş il ərzində görüləcək işlərə mənfi təsir göstərdi və bir sıra layihələr yerinə yetirilməmiş qaldı. 

2020- ci il xalqımız üçün eyni zamanda zəfər ili kimi tarixə düşdü. 44 günlük Vətən müharibəsində torpaqlarımız erməni işğalçılarından azad edildi. Bu ədalətli müharibədə ön və arxa cəbhələrdə bələdiyyələr də fəallıq göstərdilər.

Lakin pandemiya və müharibə şəraitində yaşamağımıza baxmayaraq, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulmuş güclü iqtisadiyyat nəticəsində ölkədə sosial proqramların və yeni sosial infrastruktur layihələrinin həyata keçirilməsi davam edir. 

Bələdiyyələr də inkişafdan geri qalmır, dövlət dəstəyinə arxalanaraq, yerli əhəmiyyətli sosial, iqtisadi inkişaf və ekoloji proqramlari öz imkanları daxilində reallaşdırmağa çalışırlar.

Mingəçevir bələdiyyəsi də yaşadığımız çətin ildə seçicilərin rəy və təkliflərini nəzərə almaqla işini qurub və bələdiyyə iclaslarının qərarlarına uyğun layihələr icra edib.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq Mingəçevir Bələdiyyəsi 2020-ci ildəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edir.

 

BƏLƏDİYYƏ İCLASLARI

 

2020-ci ildə bələdiyyə 22 iclas keçirib. İclasların gündəliyinə 110 məsələ salınıb, müzakirə olunaraq, müvafiq qərarlar qəbul olunub. Məsələlərdən 31-i icarəyə və mülkiyyətə torpaq sahələrinin verilməsi ilə, 10-u şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra tədbirlərin keçirilməsinə maliyyə vəsaitlərinin ayrılması ilə, 1-i maddi yardımla, 68-i təşkilati və digər məsələlərlə bağlı olub. Bunlardan başqa, iclaslarda sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib, bələdiyyə üzvlərinin rəy və təklifləri, arayışları dinlənilib.

 

VƏTƏNDAŞLARIN QƏBULU VƏ MÜRACİƏTLƏRİ

 

          Bələdiyyənin əsas vəzifələrindən biri vətəndaşların müraciətlərinə həssaslıqla yanaşmaqdır.

           2020-ci ildə bələdiyyəyə vətəndaşlardan 1008 ədəd ərizə və məktub daxil olub. 76 nəfər maddi yardım üçün, 51 nəfər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədli  torpaq sahəsi ayrılması ilə, 192 nəfər fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaqla, 3 nəfər tikinti və təmir işləri ilə bağlı müraciət edib. 686 müraciət arayış və məlumatlarla (müxtəlif dövlət orqanlarına arayış, torpaq sahələrinin cizgisinin çəkilməsi, ağacların budanması, dəfnlə bağlı və sair sənədlərin alınması) əlaqədar olub.

           Maddi yardımla bağlı müraciət edənlərdən 20 nəfərinə ərzaq bağlaması verilib.

           Sahibkarlıq fəaliyyəti ilə bağlı müraciət edənlərdən 43 nəfərinə mövsümi  ictimai-iaşə xidməti ilə məşğul olmağa icarə verilib, 1 nəfərin icarəsinə müsabiqə yolu ilə torpaq sahəsi ayrılıb. Bələdiyyə iclasının qərarı ilə 10 nəfərin mülkiyyətinə fərdi mənzil tikintisi üçün torpaq sahəsi verilib.

           Digər müraciətlərə qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış cavablar göndərilib. Sorğu, məlumat, arayış xarakterli müraciətlər araşdırılaraq, vətəndaşlara yarılı cavablar verilib.

           Hesabat ilində bələdiyyəyə rəsmi orqanlardan 803 ədəd sənəd və məktub daxil olub. Onlardan 69 ədədi Mingəçevir şəhər İcra Hakimiyyətindən, 77 ədədi mərkəzi İcra Hakimiyyətindən, 3 ədədi Milli Məclisdən, 654 ədədi müxtəlif idarə və təşkilatlardan daxil olub. Məktublara müvafiq qanunvericiliyə uyğun cavablar göndərilib. Tövsiyə, məlumat, təlimat xarakterli və qanun və qərarlardan çıxarışlar olan sənədlər fəaliyyətdə istifadə üçün komissiya və şöbələrə verilib. 

            İl ərzində bələdiyyəyə ağacların budanması və qurumuş ağacların kəsilməsi ilə bağlı 251 ərizə daxil olub. Müraciətlərin icrası ilə bağlı bələdiyyə müvafiq qərarlar verərək, 8 saylı Regional ərazi, Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilib. 54 ünvanda 88 ədəd qurumuş ağac kəsilib, 236 ədəd ağacın budanması ilə bağlı rəy verilib.

        2020-ci ildə bələdiyyə sədri tərəfindən 274 nəfər fərdi şəkildə qəbul edilib. Qəbula gələnlərin sayının azalması karantin rejimi ilə bağlı məhdudiyyətlərin tətbiqidir.

         Həmçinin bələdiyyədə il ərzində 1000 nəfər hərbi qulluqçunun məzuniyyətə gəlmə-getmə qeydiyyatı aparılıb.        

 

BƏLƏDİYYƏ BÜDCƏSİ

Gəlirlər

 

2020-ci ildə bələdiyyə büdcəsinin gəliri 251138,36 manat olub. Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb:

- fiziki şəxslərdən torpaq vergisi 8405,90 manat;

- fiziki şəxslərdən əmlak vergisi 20113,48 manat;

- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 1800 manat;

- bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahələrində mövsümi ictimai-iaşə və digər xidmətlərə görə ödəniş 2505,60 manat;

- bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş 2705,30 manat;

- bələdiyyə ərazisində müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş 2168 manat;

- dövlət büdcəsindən verilən dotasiya 40.000 manat;

- bələdiyyə əmlakının satışından daxil olan gəlirlər 14609 manat;

- icarəyə verilmiş torpaq sahələrindən alınan icarə haqqı 122006,08 manat;

- icarəyə verilmiş əmlakdan icarə haqqı 1000 manat;

- fiziki və hüquqi şəxslərin maliyyə yardımları və ianələr 18500 manat;

- bələdiyyənin digər fəaliyyətindən daxil olan gəlir 17325 manat olub.

 

 

Xərclər

 

Hesabat dövründə bələdiyyənin xərcləri 245749,50 manat olub. Xərclərin istiqaməti aşağıdakı kimidir:

-  əmək haqqı və onunla bağlı ödəmələrə 155203,29 manat;

- əmək haqqina üstəlik (DSMF, işsizlik siğortası, icbari dövlət sığortası) ödəmələrinə 46599,38 manat;

- dəftərxana ləvazimati, cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına 880,60 manat,

- ezamiyyə xərclərinə 39 manat;

- nəqliyyat xidmətləri haqqının ödənilməsinə 438,40 manat;

- rabitə xidmətləri haqqınin ödənilməsinə 1387,45 manat;

- elektrik enerjisi haqqının ödənilməsinə 891 manat;

- qaz sərfi haqqının ödənilməsinə 656,60 manat;

- su və kanalizasiyadan istifadə haqqının ödənilməsinə 200 manat;

- abadlaşdırma xidmətləri haqqının ödənilməsınə 25619,50 manat;

- əsas vəsaitin ( Xəzər-SD minik avtomobili) alınmasına 5884 manat;

- sosial-mədəni və məişət təyinatli obyektlərin əsaslı təmirinə 1000 manat;

- maddi yardımlara 225 manat;

- bank xidmətlərinə 1205,57 manat;

- abunə xərclərinə 1011,60 manat;

- sair cari xərclərə (AŞMBA-ya üzvlük haqqı, reyestr xidməti, hərrac haqqı, məlumat guşəsinin hazırlanması, əmək haqqı kartının alinması, asan imza, sabiq bələdiyyə üzvünə müavinət ödənilməsi və s.) 4508,11 manat vəsait xərclənib.

 

Dövlət büdcəsindən ayrılmış 40000 manat dotasiya məbləğinin xərclənməsinə dair hesabat

 

  1. Məcburi ödənişlərə və inzibati idarəetmə xərclərinə ödənilib:
  2. Əmək haqqı və müavinət ödənişinə   -  5188.2 manat;
  3. Dövlət Sosial Müdafiə Fonduna         -   5579.5 manat;
  4. İşsizlikdən sığortaya görə müavinət   -    318.22 manat;
  5. Silahlı qüvvələrə yardım fonduna       -    161.58 manat;
  6. Həmkarlara tutulmuş üzvlük haqqı    -    547.63 manat;
  7. Rabitə xidmətinə aprel- may ayları üçün  -  290.40 manat;
  8. Katricin doldurulması (dəftərxana xərcləri)  - 70 manat;
  9. Nəqliyyat xərci (ehtiyat hissələrinin alınmasına)   - 129 manat;
  10. Kadastrın alınması və yerquruluşüçün ödəniş  -  637 manat;
    1. Çıxarış və texpasport almaq üçün xidmət haqqı  -  157.2 manat;
    2. Çıxarış və texpasport almaq üçün dövlət rüsumu -80 manat;
  11. Abadlaşdırma xidmətlərinə avadanlıq, mal-material və təsərrüfat ləvazimatlarının alınması:
    1.    
  12. 1000 kv.metr tamet alınmasına (12 man x 1000)   -  12000 manat;
  13. Park üçün 2 ədəd “söhbətgahın” alınmasına          -    3200  manat;
  14. 150 ədəd gül kolunun alınmasına (10 man x 150) -    1500 manat;
  15. 150 ədəd “tuya” (dekor) ağacının alınmasına (17 man x 150)  -  2550 manat;
  16. 17 ədəd park oturacaqlarının alınması  (160 man x 17)  -  2720 manat;
  17. 350 kv.metr “Qazon” ot örtüyünün alınması (2.90 x 350)  - 1015 manat;
  18. Digər lazımi mal-materialın alınmasına   -   2194.50 manat;
  19. Bank əməliyyatlarına görə bank xidmətinə - 226 manat;
  20. Xidməti minik avtomobilin lizinq ödənişinə  - 269 manat;

 

Cəmi xərclənmiş vəsait:      38833.64 manat

                         Qalıq məbləği:                     1166.36 manat

 

 

GÖRÜLMÜŞ İŞLƏR

Abadlaşdırma xidmətləri 

 

2020-ci ildə ölkədə tətbiq olunan sərt karantin rejimi ilə əlaqədar olaraq bələdiyyə büdcəsinə proqnozlaşdırılandan az vəsait daxil olduğu üçün il ərzində məhəllələrdə nəzərdə tutulmuş bir sıra layihələri icra edilmədi. Lakin dövlət büdcəsindən daxil olan dotasiya hesbına bələdiyyə iki parkda abadlaşdırma, tikinti- quraşdırma işləri aparıb. H.Əliyev prospektində, bələdiyyənin inzibati binasının sol tərəfində yerləşən ərazidəki park yenidən qurulub, əsaslı təmir-tikinti işləri görülüb. Parka 2 ədəd metal konstruksiyalı söhbətgah, 17 ədəd yeni dizaynda oturacaq qoyulub,  2 yerdə istirahət guşəsi yaradılıb. Parkın 230 kv.metr hissəsinə tamet döşənib, 60 kv.metr gül əkilən yerlər aqlayla üzlənib. Parkda eyni zamanda yaşıllaşdırma işləri aparılıb. Belə ki, orada 150 ədəd “ Tuya” dekorativ  ağac, 200 ədəd gül kolu əkilib, 350 kv.metr sahəyə yaşıl ot örtüyü döşənib. Bu işlər üçün bələdiyyə büdcəsindən 19227 manat vəsait xərclənib. 

S.Vurğun adına parkın işıqlandırması yenidən qurulub, 10 ədəd oturacaq qoyulub. Park səliqə-sahmana salınıb. Bu işlər üçün bələdiyyə büdcəsindən 13496 manat vəsait ayrılıb.

Bundan əlavə, şəhərin müxtəlif ərazilərində abadlıq işləri üçün bələdiyyə tərəfindən 5000 m3  qum-çınqıl qarışığı tökülüb.

 

 

 

Maddi yardımlar

 

Bələdiyyənin fəaliyyətinin əsas istiqamətlərindən biri də imkansız ailələrə, kimsəsiz şəxslərə maddi yardımların göstərilməsidir. Məlum səbəblərdən 2020-ci ildə maddi yardım nəzərdə tutulan səviyyədə olmayıb.

Novruz bayramı ərəfəsində 20 imkansız ailəyə 225 manat dəyərində ərzaq bağlamaları paylanıb. Bağlar massivində yaşayan, evi yanan Süleymanova Şəhri Oruc qızına 10 mqum, mülkiyyətində olan torpaq sahəsinin yolu üçün Səfərova Afayət Səyyaf qızına 10 m3 çınqıl, köçkün Məmmədov Hətəm Bəşir oğluna 10 m3   qum və  10 m3  çınqıl yardımı göstərilib. 

Sərt karantin tətbiq olunan aylarda bələdiyyə sədrinin şəxsi vəsaiti hesabına bir neçə şəxsə pul və ərzaq yardımı edilib, ərazilərdə dezinfeksiya və marifləndirmə işləri aparılıb.

 

TƏDBİRLƏR

 

Hesabat dövründə bələdiyyə tərəfindən bir sıra tədbirlər həyata keçirilib. 

20 Yanvar – Hüzn günündə Şəhidlər Xiyabanındakı 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəyə və  şəhidlərin məzarlarına gül dəstələri qoyulub.

Xocalı soyqırımı günü bələdiyyənin foyesində soyqırımı əks etdirən rəsm sərgisi təşkil olunub, Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında bələdiyyənin iclas zalında “Cəhənnəm tuneli” tamaşası nümayiş etdirilib.

Bələdiyyədə karantin rejiminin tələbləri gözlənilməklə müxtəlif görüşlər keçirilib. 

Bunlardan Şəhər İcra Hakimiyyətinin başçısı ilə, Kütləvi informasiya vasitələrinin nümayəndələri ilə, Türkiyənin Anamur bələdiyyəsinin nümayəndələri və uşaqlarla keçirilmiş görüşləri göstərmək olar.

AŞBMA-nın təşkil etdiyi “Yerli özünüidarədə gender bərabərliyi siyasəti” videokonfransında bələdiyyənin “Gender bərabərliyi” komissiyasının üzvləri və məsul şəxs iştirak etmişlər.

Bələdiyyənin sədri hər gün Şəhər İH-nin təşkil etdiyi pandemiya ilə bağlı görülmüş işlərə həsr olunmuş videokonfransda iştirak edir.

Bələdiyyə Vətən müharibəsi dövründə arxa cəbhədə yardım kompaniyasında fəallıq göstərib. Şəhidlər Xiyabanında şəhidlərin dəfni və şəhidlər üçün abidə daşlarının hazırlanıb qurulmasına nəzarəti də bələdiyyə həyata keçirib.

2020-ci ildə bələdiyyə tərəfindən 6 adda yerli və respublika mətbuatına abunə yazılıb. KİV-lərə abunə yazılışına 1001 manat vəsait sərf olunub.

 

MÜLKI DÖVRİYYƏYƏ CƏLB OLUNAN TORPAQ SAHƏLƏ

 

Hesabat ilində bələdiyyə sahibkarlıq fəaliyyəti üçün 1.67 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müsabiqə keçirilməsi haqqında qərar qəbul edib. Fərdi mənzil tikintisi üçün 10 nəfərin mülkiyyətinə alqı-satqı yolu ilə 0.3614 ha (3614 kv.m) torpaq sahəsi verilib. 



YEKUN

 

Pandemiya il bağlı, ötən il ölkədə tətbiq olunmuş karantin rejimi bütün qurumlarda olduğu kimi, bələdiyyələrin də fəaliyyətinə mənfi təsir göstərib. Aylarla sahibkarlar işləmədiyi üçün vergilərin yığılmasında çətinliklər yaranıb. Ona görə də bələdiyyənin gəlir və xərclər proqnozu özünü doğrultmayıb.

Bələdiyyə il ərzində nəzərdə tutduğu bir sıra layihə və proqramları həyata keçirə bilməyib. 

Lakin çətinliklərə baxmayaraq Mingəçevir Bələdiyyəsi 2020-ci ildə iki sosial layihəni - S.Vurğun parkında və Bələdiyyə bağında abadlaşdırma, tikinti-təmir işlərini müasir tələblər səviyyəsində gerçəkləşdirib. Bələdiyyənin keçən il əmək haqqı və digər ödəmələr sahəsində borcu qalmayıb.

Sonda qeyd edirik ki, Mingəçevir bələdiyyəsi 2021-ci ildə vətəndaşları yerli özünüidarə prossesinə cəlb etməklə qarşıya çıxan problem və nöqsanları aradan qaldırmaq üçün potensialını səfərbər edəcək, yerli problemlərin həllində öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

 




Faydalı keçidlər

Vətəndaş müraciəti