Mingəçevir Bələdiyyəsinin 2024-cü ilin l yarımilliyi ərzindəki fəaliyyəti barədə
HESABATI “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsi 2024-cü ilin I yarımiliyindəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edir.
2024-cü ilin 6 ayı ərzində bələdiyyə 11 iclas keçirib. Daimi komissiyaların arayış və təklifləri ilə iclasların gündəliyinə 110 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə olunmuş məsələlərdən 69-u icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə, 1-i şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 7-si maddi yardımlarla, 33-ü təşkilati və digər məsələlərlə bağlı olub.
Hesabat dövründə bələdiyyəyə 451 ədəd ərizə və məktub daxil olub. Bunlardan 34-ü maddi yardımla, 83-ü sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün və 92-si fərdi yaşayış evi tikintisi üçün torpaq sahələri ayrılması ilə, 4-ü tikinti və təmir işləri, 238-i arayış və məlumatlar almaqla bağlı müraciətlər olub.
Maddi yardımla bağlı müraciət edənlərdən 13 nəfərə pul və material yardımları edilib, digərlərinə Qurban payı verilib. Sahibkarlıq fəaliyyəti ilə bağlı müraciət edənlərdən 31 nəfərinə mövsümi ictimai-iaşə, ticarət xidmətləri ilə məşğul olmaq üçün icazə verilib, 18 nəfərin icarəsinə, 3 nəfərin mülkiyyətinə torpaq sahələri ayrılıb. Fərdi yaşayış evi tikintisi üçün zəbt edilmiş torpaq sahələrinin mülkiyyətə verilməsi barədə bələdiyyə 16 nəfər üçün qərar verib.
238 nəfər arayış və məlumatla bağlı müraciət edib və bu müraciətlər müsbət həll olunub. Digər müraciətlərə də “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, vaxtında baxılıb, vətəndaşlara əsaslandırılmış cavablar verilib.
Hesabat dövründə bələdiyyəyə rəsmi orqanlardan 324 ədəd sənəd və məktub daxil olub. Onlardan 81-i Mərkəzi İcra Hakimiyyətlərindən, 64-ü yerli İcra Hakimiyyətindən, 260-ı müxtəlif idarə və təşkilatlardan göndərilib. Məktublara qanunvericiliyin tələb etdiyi müddətdə cavablar verilib. Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsindən, Bələdiyyələrlə İş Mərkəzindən göndərilmiş tövsiyə, təlimat, məlumat xarakterli sənədlər, qanun və qaydalardan çıxarışlar istifadə üçün komissiya və şöbələrə verilib.
2024-cü ilin 6 ayı ərzində bələdiyyənin gəlirləri 176390,68 manat olub. 01.01.2024-cü ilə ötən ildən 30937,53 manat xərclənməmiş vəsait qalıb.
Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb:
fiziki şəxslərdən torpaq vergisi 7973,55 manat;
fiziki şəxslərdən əmlak vergisi 8806,28 manat;
yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 6000 manat;
bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahələrində mövsümi ictimai-iaşə və digər xidmətlərə görə ödəniş 5235 manat;
bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizim xidmətləri göstərən şəxslərdən alınan ödəniş 1658 manat;
bələdiyyyə ərazisində müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqlardan ödəniş 314 manat;
bələdiyyə əmlakının satışından daxil olan gəlirlər 63200 manat ;
icarəyə verilmiş torpaq sahələrindən alınan icarə haqqı 64803,85 manat;
icarəyə verilmiş əmlakdan icarə haqqı 6000 manat;
bələdiyyənin digər fəaliyyətindən (“Dəfn mərasimi” xidmətləri sahəsindən) gəlirlər 12400 manat olub.
Hesabat dövründə bələdiyyənin xərcləri 146863,54 manat olub. Xərclərin istiqamətləri aşağıdakı kimidir:
əmək haqqı və onunla bağlı sair ödəmələrə 87055,46 manat;
əmək haqqına üstəlik (DSMF, işsizlik sığortası, icbari sığortalar) 33128,70 manat;
dəftərxana ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına 827,85 manat;
nəqliyyat xidmətləri haqqının ödənilməsinə 855 manat;
rabitə xidmətləri haqqının ödənilməsinə 1093,20 manat;
elektrik enerjisi haqqının ödənilməsinə 900 manat;
qaz sərfi haqqının ödənilməsinə 805 manat;
su və kanalizasiyadan istifadə haqqının ödənilməsinə 300 manat;
abadlıq və tikinti işlərinə 1512,77 manat;
maddi yardımlara 10753,74 manat;
bank xidmətlərinə 625,21 manat;
mətbuata abunə xərclərinə797,60 manat;
sair xərclərə ( Bələdiyyələrin Milli Assosiasiyasına üzvlük haqqı, reyestr idarəsinə, arxiv idarəsinə, audit yoxlamasına, bələdiyyə saytının abunə xərci, dövlət rüsumu, hərracların təşkili mərkəzinə, mütəxəssis rəyinin alınmasına və s.) 8209,01 manat vəsait xərclənib.
2024-cü ilin 6 ayı ərzində bələdiyyə tərəfindən müxtəlif abadlıq, yardım və digər tədbirlər həyata keçirib:
- Novruz bayramı ərəfəsində S. Vurğun adına mədəniyyət və istirahət parkında cari təmir işləri aparılıb.
- Ramazan bayramında oruc tutan bələdiyyə işçiləri və KİV nümayəndələri üçün iftar süfrəsi açılıb.
- Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü və “Yaşıl dünya naminə Həmrəylik ili” münasibətilə Bələdiyyə müxtəlif tədbirlər və ağacəkmə aksiyası keçirib.
- Qurban bayramında bələdiyyə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və imkansız ailələrə, ümumilikdə 550 kq Qurban əti paylayıb. Bu məqsəd üçün bələdiyyə büdcəsindən 7700 manat vəasit ayrılıb.
- Bələdiyyənin idarəçiliyində olan bütün qəbiristanlıqlarda təmizlik işləri aparılıb, iməciliklər təşkil olunub.
- Sağ Sahil qəbiristanlığında şəhidlər Eldəniz Əlimuxtarov və Yadigar Mənsurovun məzarüstü abidələri təmir edilib.
- Şəhid ailələrinin yaşadıqları 20 Yanvar küçəsi, 9 saylı binanın qarşısındakı xeyir-şər mağarının təmiri üçün material yardımı edilib.
- Şəhid anası Abbasova Mehriban Əsgər qızının qəbirüstü abidəsi hazırlanaraq qoyulub.
- İkinci qrup Qarabağ müharibəsi əlili Heydərov Nemət Qurban oğlunun mənzilinin təmirinə mal-material yardımı edilib.
- Bələdiyyə üzvü Qurbanova Sevinc Suryel qızının xeyir işinə 300 manat, imkansız Süleymanov Mansur Ənvər oğluna 100 manat maddi yardım göstərilib.
- Müalicəyə ehtiyacı olan bir qrup bələdiyyə qulluqçularına müxtəlif məbləğdə yardımlar edilib.
Hesabat dövründə imkansız vətəndaşlara maddi yardımların verilməsi bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biri olub. Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin müraciətlərinə xüsusi diqqətlə yanaşılıb. Yardımlar müxtəlif formada həyata keçirilib. Bələdiyyə yas və dəfn mərasimlərinə, qəbirüstü abidələrin düzəldilməsinə yardımçı olub.
Bütün yardımlara ümumilikdə bələdiyyə büdcəsindən 10753 manat vəsait ayrılıb.
2024-cü ilin 6 ayı ərzində bələdiyyə tərəfindən fərdi yaşayış evinin tikintisi üçün zəbt edilmiş ərazilərdən 16 nəfərin mülkiyyətinə torpaq sahəsi verilib.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün mülkiyyətlərində olan qeyri-yaşayış obyektlərinin yerləşdiyi torpaq sahələri 3 sahibkara mülkiyyətə, 11 sahibkara icarəyə verilib. 7 sahibkara 28,64 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə hərracla icarəyə ayrılıb.
Hesabat dövründə bələdiyyə tərəfindən bir sıra tədbirlər həyata keçirilib.
Məhəllə komitələrinin sədrləri ilə, KİV nümayəndələri ilə, QHT təmsilçiləri ilə bələdiyyədə görüşlər keçirilib. Dövlət və milli bayramlarda bələdiyyə üzv və qulluqçuları fəal iştirak ediblər. Bələdiyyənin Həmkarlar təşkilatı Beynəlxalq Qadınlar günü, Novruz bayramı, Müstəqillik günü münasibəti ilə tədbirlər təşkil edib. Təşkilat tərəfindən 14 işçiyə maddi yardımlar göstərilib, 2 işçinin yubileyi qeyd olunub.
Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin əməkdaşları tərəfindən Mingəçevir Bələdiyyəsində seminar-müşavirələr keçirilib.
Mingəçevir Bələdiyyəsi keçən ildən “İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri” layihəsinin üzvüdür. Layihə çərçivəsində elan olunmuş müsabiqədə bələdiyyəmiz də fəal iştirak edib və qaliblərdən biri olub. Layihənin işçi qrupu 6 ayda xarici ölkə nümayəndələrinin keçirdikləri təlimlərdə iştirak ediblər.
Bələdiyyənin nümayəndəsi Humay Baxışova beynəlxalq layihə çərçivəsində yerli və Avropa bələdiyyələri arasında əməkdaşlıq, təcrübələrin öyrənilməsi, tərəflər arasında dialoqun güclənməsi məqsədi ilə Polşada keçirilmiş tədbirdə iştirak edib.
Bələdiyyənin sədr müavini Əli Əliyev Mingəçevir şəhəri ilə qardaşlaşmış Özbəkistanın Namanqan şəhərində keçirilən 63-cü Beynəlxalq Gül Festivalında bələdiyyəni təmsil edib.